
R.Əliquliyev, R.Mahmudova
AMEA
İnformasiya Texnologiyaları İnstitutu
İnformasiya
mədəniyyəti: mahiyyəti, formalaşdırılması problemləri
və
həlli yolları
Bəşəriyyət
informasiyanın strateji resurs kimi qəbul olunduğu yeni sivilizasiya
mərhələsinə qədəm qoyur. İnformasiya cəmiyyəti adlanan bu yeni mərhələdə
insanların öz həyati ehtiyaclarını ödəmələri üçün tələb edilən şərtlər
də əhəmiyyətli dərəcədə dəyişir. Bu yeni cəmiyyətdə insanların özlərinə
layiqli yer tuta bilməsi üçün tələb edilən ən vacib şərtlərdən biri
onların yüksək informasiya mədəniyyətinə malik olmalarıdır.
İnformasiyalaşdırma sahəsində aparıcı mütəxəssislərdən biri olan rus
alimi E.L.Semenyuka görə, “informasiya mədəniyyəti – insan
mədəniyyətinin informasiya komponentidir [1]. M.V.Makarovanının fikrincə,
informasiya mədəniyyəti – informasiya ilə məqsədyönlü şəkildə işləmək,
onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter informasiya
texnologiyalarından, müasir texniki üsul və vasitələrdən istifadə etmək
bacarığıdır. Başqa bir rus alimi V.A.Kaymin informasiya mədəniyyəti
anlayışını kömpüterdə informasiyanın toplanması və emal olunmasının
qanunlarını və üsullarını öyrənən informatika fənninin predmeti ilə
əlaqələndirir. Amerika standartlarına görə isə, informasiyaya olan
tələbatını müəyyən edərək onu axtarmaq, qiymətləndirmək və səmərəli
şəkildə istifadə etmək qabiliyyəti olan şəxsi informasiya mədəniyyətinə
malik insan hesab etmək olar.
İnformasiya
mədəniyyəti insanın ümumi mədəniyyətinin bir hissəsidir. Eyni zamanda,
ümumi mədəniyyətin digər komponentlərinin formalaşması müəyyən dərəcədə
informasiya mədəniyyətinin səviyyəsindən asılı olduğunu söyləmək olar.
Məsələn, insanın süfrə mədəniyyəti, ilk növbədə, onun süfrə, süfrədəki
davranış qaydaları barədə təsəvvürlərinin hansı səviyyədə olması ilə
bağlıdır. Bu təsəvvürlərin formalaşması isə insanın nə dərəcədə
informasiyalı olmasından asılıdır. Yüksək informasiya mədəniyyəti insana
istənilən növ informasiya ilə işləmək, həm gündəlik həyatında, həm də
peşəkar fəaliyyətində bu informasiyadan səmərəli istifadə etmək imkanı
verir. İnformasiya mədəniyyətinin
tərkibinə aşağıdakılar daxildir:
-
informasiya tələbatını müəyyənləşdirmək bacarığı [2];
-
müxtəlif mənbələrdən informasiyanın axtarılıb tapılması;
-
informasiyaların arasından əsas və ikinci dərəcəli informasiyaların
seçilməsi;
-
toplanmış
informasiyanı strukturlaşdırmaq, sistemləşdirmək, ümumiləşdirmək və emal
edərək yeni informasiya yaratmaq bacarığı;
-
informasiya ilə işləyərkən onun məxfiliyinin qorunması, tamlığının,
əlyetərliliyinin təmin olunması, hüquqi və etik normalara əməl olunması;
-
əldə edilən informasiyadan öz fəaliyyətində istifadə etmək
bacarığı;
-
informasiyanı aydın şəkildə təqdim etmək bacarığı;
-
informasiya ilə məqsədyönlü şəkildə işləmək üçün müasir
informasiya texnologiyalarının imkanları barədə bilgilərə malik olmaq və
ondan istifadə etmək.
Deyilənləri
ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, informasiya mədəniyyəti
– informasiya tələbatını müəyyənləşdirərək lazımi informasiyanın
axtarılıb tapılması, qəbulu, saxlanması, emal olunması, təhlili, təqdim
olunması üçün müasir informasiya-kommunikasiya texnologiyalarından
yüksək səviyyədə istifadə etmək bacarığı, eyni zamanda informasiya ilə
işləyərkən onun tamlığının, əlyetərliliyinin təmin edilməsi,
məxfiliyinin qorunması, hüquqi və etik normalara əməl olunmasıdır.
İnformasiya
mədəniyyəti kompüter əsrinin məhsulu deyil, insanın yaradılışından
başlayaraq həmişə onu müşaiyət edib. Bəşəriyyət tarixinin ilk
dövrlərində informasiya vasitələri çox sadə olduğu kimi, şəxsiyyətin
informasiya mədəniyyətinin strukturu da çox bəsit idi.
Hamıya
məlumdur ki, informasiyası daha çox olan insanlar həmişə ətrafdakılar
üçün maraqlı olmuş, müxtəlif insanlar yeni bir informasiya almaq, nə isə
öyrənmək üçün onun ətrafına toplaşmışlar. Əvvəllər informasiya
mənbələrinin azlığı şəraitində, xüsusən də, elmi-mədəni mərkəzlərdən
uzaqda, kəndlərdə yaşayan insanlar bir yerə toplaşaraq nağıllara,
dastanlara qulaq asmışlar. Daha sonralar kitab nəşri informasiya
qıtlığını müəyyən qədər aradan qaldırdı, lakin informasiya mənbələri az
olduğundan insanlar əllərinə keçən kitabları bəzən dəfələrlə
oxuyurdular, çünki informasiya aclığı mövcud idi. İnformasiyanın
həcminin
artım tempi
və informasiyanın yeniləşməsi prosesi çox yavaş olduğundan, informasiya
ilə işləyə bilmək çətinlik törətmirdi.
İnformasiya
texnologiyaları inkişaf etdikcə informasiya mədəniyyətinə olan tələblər
də dəyişməyə başladı. Bu baxımdan da, informasiya mədəniyyətinin inkişaf
tendensiyasını sivilizasiya tarixində baş verən informasiya inqilabları
kontekstində xarakterizə etmək olar:
1-ci
mərhələ.
Bu mərhələdə insanlar eşitdikləri informasiyanı şifahi şəkildə
ötürürdülər. Burada görmə və eşitmə vasitəsilə əldə edilən
informasiyanın düzgün qavranılması, analızi və təhrif edilmədən
ötürülməsi informasiya mədəniyyətinin əsas göstəriciləri kimi çıxış
edirdi.
2-ci
mərhələ.
Yazının meydana gəlməsi informasiya mədəniyyətinin tərkib hissələrinin
nisbətən genişlənməsi ilə xarakterizə olunur. Bu mərhələdə informasiya
müxtəlif lövhələr üzərində əlyazma formasında əks etdirilirdi. Həmin
dövrdə heroqliflərin və hərflərin müxtəlif lövhələr üzərində əks
etdirilməsi və oxunmasına dair yeni bilik, bacarıq və vərdişlər
informasiya mədəniyyətinin yeni komponentlərinə çevrildi [3].
3-cü
mərhələ.
Kitab çapının ixtira olunması ilə əlaqədardır və informasiya
mədəniyyətinin texnoloji komponentinin meydana gəlməsi ilə xarakterizə
olunur.
4-cü
mərhələ.
İnformasiyanın ötürülməsi və saxlanması üzrə texniki vasitələrin
təkmilləşdirilməsi nəticəsində informasiya mədəniyyətinin humanitar və
texniki komponentlərinin inkişafı özünün növbəti mərhələsinə qədəm
qoyur. Belə ki, elektrikin kəşfi informasiyanın toplanması, saxlanması
və ötürülməsinin texniki vasitələrin (radio, televiziya, audio, video)
köməyi ilə avtomatlaşdırılmasına imkan yaratdı.
5-ci
mərhələ.
Güclü informasiya vasitələri və daşıyıcılarının sonrakı inkişaf tarixi
fərdi kompüterlərin ixtira edilməsi ilə bağlıdır. Bunun nəticəsində
bəşəriyyətin inkişaf tarixi ərzində informasiyanın işlənməsi üzrə ən
güclü və ən mükəmməl vasitə əldə edildi.
6-cı
mərhələ.
İnformasiya
cəmiyyətinin yaranması ilə əlaqədardır. İnformasiyanın strateji
resursa çevrildiyi informasiya cəmiyyətində hər bir insan
özünüreallaşdırmanı uğurla həyata keçirmək üçün kifayət qədər
informasiya mədəniyyəti səviyyəsinə malik olmalıdır.
Yeni texniki vasitələr, informasiya resursları insanların informasiya
tələbatının ödənməsi baxımından geniş imkanlar yaratmaqla yanaşı,
onların həyat tərzinə də təsir göstərir. Məsələn, hamıya məlumdur ki,
mədəni istirahət, həmçinin informasiya əldə etmək üçün kitabxanalara,
muzeylərə, kino və teatrlara, sərgilərə gedən insanların sayı xeyli
azalıb. Bu, informasiya mənbələrinin və vasitələrinin – qəzet və
jurnalların, televiziya və radio kanallarının, audio-video
materialların, rəqəmli informasiya daşıyıcılarının, telefon, kompüter və
İnternetin yaratdığı informasiya bolluğu ilə əlaqədardır. İnsanlar
informasiyadan həddən çox “doyduqları” üçün informasiyanın az olduğu
yerlərdə istirahət etməyə üstünlük verirlər.
Müasir
informasiya-kommunikasiya texnologiyalarının yaratdığı yeni informasiya
mühitində insanlar bir sıra problemlərlə qarşılaşır.
Günbəgün artan müxtəlif informasiya axınlarının insanın və cəmiyyətin
fəaliyyətində yaratdığı olduqca mürəkkəb problemlərdən biri də ondan
ibarətdir ki, müasir informasiya-axtarış sistemlərinin təqdim etdiyi
böyük həcmdə müxtəlif informasiyaları istifadəçilərin əksər hissəsi
müstəqil şəkildə qavramaq iqtidarında deyil. Məlum olduğu kimi, əldə
edilən informasiya massivləri artıqlıq yaradır və tərəddüdlərə səbəb
olur. İnformativlik baxımından, dublikatları, həqiqiliyi və
informasiyanın mötəbərliliyini müəyyən etmək lazım gəlir. Bu cür
informasiya adekvat qərar qəbul etmək üçün yararlı olmur.
İnformasiya bolluğunun yaratdığı belə problemlərin təhlili ilə yeni elm
sahəsi olan informasiya ekologiyası məşğul olur. İnformasiya
ekologiyasının predmeti insanın informasiya mühiti ilə qarşılıqlı
əlaqəsinin öyrənilməsidir. Bu elm sahəsinin tədqiq etdiyi əsas
problemlər aşağıdakılardır [4]:
-
İnformasiya məkanının həddən çox yüklənməsi;
- Qərar
qəbul etmək üçün yararlı olan informasiya resurslarının azlığı
(çatışmazlığı);
- Etibarlı
informasiyanın axtarışına çox vaxt sərf edilməsi;
İnformasiya ekologiyasının strateji məqsədi insana təsir göstərən
informasiya axınlarının filtrasiyası vasitələrinin formalaşdırılmasıdır.
Bu elm sahəsi qeyd edilən problemi aradan qaldırmaq üçün aşağıdakı
məsələləri həll etməyə çalışır [5]:
-
informasiya mühitinin vəziyyətinin monitorinqi əsasında yeni
informasiya texnologiyalarının insan fəaliyyətinin bütün sahələrinə
tətbiqinin mümkün nəticələri haqqında proqnoz verilməsi;
-
informasiya cəmiyyətinin inkişafı gedişində meydana çıxan
problemlərin aradan qaldırılmas üçün variantların işlənib hazırlanması;
-
insanın informasiya mühiti ilə qarşılıqlı əlaqəsinin müsbət
və mənfi nəticələrinin aşkar edilməsi;
-
informasiya-ekoloji ekspertizanın keçirilməsi üzrə
elmi-metodiki tövsiyyələrin hazırlanması, tətbiqi və s.
İnformasiya
ekologiyası baxımından fasiləsiz təhsilə yüksək keyfiyyətli həyat
tərzini təmin edən vacib şərt və ekoloji faktor kimi baxılır və
prinsipial şəkildə yeni yanaşmaların işlənməsi nəzərdə tutulur. Belə ki,
informasiya cəmiyyətində yaşamaq üçün peşəkar biliklərin
yeniləşdirilməsi, ixtisaslarının daim təkmilləşdirilməsi lazım gəlir ki,
bu da yalnız insanın yüksək informasiya mədəniyyətinə malik olması
nəticəsində mümkündür. Bu isə o deməkdir ki, təhsil ekoloji faktora
çevrilir.
Bundan başqa,
informasiya mənbələrinin artması insanların davranışına,
psixologiyasına, sağlamlığına zərər vurur.
İnformasiya artıqlığı, informasiya ilə həddindən çox yüklənmə insanlarda
stress vəziyyətinin yaranmasına gətirib çıxardır. Belə bir vəziyyətdə
isə insan təfəkküründə “informasiya yorğunluğu sindromu” adlanan
pozğunluq və xəstəlik yaranır
[6].
Mütəxəssislərin fikrincə, İnternet istifadəçiləri, xüsusən də, zəif
xarakterli insanlar arasında eskapizm (real həyatdakı problemlərdən və
çətinliklərdən qaçaraq xəyallara qapılmaq) meylləri hiss olunur. İnsan
real gerçəkliklə virtual məkan arasında qalır. Uzun müddət İnternetdə -
informasiya labirintində ilişib qalmaq “İnternetdən asılılıq
sindromu”nun yaranmasına gətirib çıxarır və bu öz hərəkətləri üzərində
nəzarətin itirilməsi, vaxtın çox hissəsinin kompüter arxasında,
İnternetdə keçirməklə xarakterizə olunur. Mütəxəssislər bu halı
“kompüter narkomaniyası” və ya “İnternet- narkomaniya” adlandırırlar.
Bunun psixoloji nəticəsi isə sosial izolyasiyaya (digər insanlarla
ünsiyyətdən qismən və ya tamamilə imtina etmək, dostluq əlaqələrinin
kəsilməsi, emosianal reaksiyaların zəifləməsi, maraq dairəsinin azalması
və s.), iş yerinin itirilməsinə, ailədə ciddi problemlərin yaranmasına
səbəb olur.
İnformasiyalaşdırmanın və informasiya stresinin simptomlarının mənfi
sosial-psixoloji nəticələrini ilk dəfə tanınmış informasiya cəmiyyəti
nəzəriyyəçisi E.Toffler öz əsərlərində (“The third wave” və “Future
shok”) təsvir etmiş və əsaslandırmışdır.
E.Tofflerə görə, informasiyanın istehsalının və yayılmasının yüksək
tempi insandan yeni uyğunlaşma səviyyəsi tələb edir ki, bu da hələ
müasir insanın imkanları xaricindədir. İnsan və bütövlükdə, cəmiyyət
etibarlı adaptasiya mexanizmlərinə, bu informasiya böhranından çıxmaq
üçün səmərəli strategiyalara malik olmasa, onun xəstələnməsi
qaçılmazdır. “Hədsiz stimulyasiyaya insan reaksiyasını” özündə əks
etdirən bu xəstəliyi E.Toffler futurşok (future shock)
adlandırırmışdır
[7].
E.Toffler qeyd edirdi ki, yaranmış vəziyyətdə yeni yaşama
strategiyalarının hazırlanması vacibdir. O, yeni strategiya dedikdə,
informasiya mədəniyyətinin inkişaf etdirilməsini nəzərdə tuturdu.
Deməli, belə nəticəyə gəlmək olar ki, yalnız yüksək informasiya
mədəniyyətinə malik olan insan informasiya bolluğu şəraitində düzgün
orientasiya oluna, yuxarıda qeyd olunan neqativ hallardan sığortalana
bilər.
İnformasiya
ilə işləyərkən insanın özü eyni zamanda qəbuledən, yadda saxlayan, emal
edən və ötürən rolunda çıxış edir. Lakin müxtəlif səbəblərə görə müəyyən
insanlar bu funksiyaların hamısını yerinə yetirə bilmirlər. Yəni
insanların müxtəlif hissiyyat və duyğu orqanlarında qüsurların olması,
psixoloji amillər, eləcə də informasiyanın özünün xüsusiyyətlərinə dair
tələblərin ödənməməsi ilə əlaqədar informasiya mədəniyyətinin normaları
pozula bilər:
1. Əgər
insanın görmə, eşitmə, iy bilmə, dad bilmə orqanlarında çatışmazlıqlar
varsa, onda informasiyanın qəbulu zamanı müəyyən problemlər meydana çıxa
bilər.
2. Əgər
insanın dili qüsurludursa, aydın xətlə yazmaq qabiliyyəti yoxdursa, onda
informasiyanın ötürülməsi zamanı problemlər yarana bilər.
3. Kifayət
qədər savadı olmayan, məntiqi zəif olan, analitik qabiliyyəti olmayan
insanlar informasiyanın emalı ilə əlaqədar problemlərlə üzləşə bilər.
Məsələn, məntiqsiz və sistemsiz halda danışmaq, bildiklərini
ətrafdakılara ardıcıllıqla çatdıra bilməmək bu cür problemlərdəndir.
4. Psixoloji
xüsusiyyətlərin müxtəlifliyindən, eləcə də yaddaşın quruluşundan asılı
olaraq insanlar informasiyanın qavranılması və yadda saxlanması ilə
əlaqədar çətinliklərlə qarşılaşa bilərlər.
5.
İnformasiyanın xüsusiyyətlərinə dair tələblərin (mötəbərlik, tamlıq,
əlyetərlilik, yığcamlıq, dəqiqlik və s.) ödənməməsi də müəyyən
problemlərin yaranmasına səbəb ola bilir.
6.
İnformasiyanın ötürülməsi zamanı məxfiliyin qorunmaması da çox vaxt
arzuolunmaz halların baş verməsinə gətirib çıxara bilər.
Keçmişdə bu
problemlərin aradan qaldırılması mümkün deyildi. Amma müasir
informasiya-kommunikasiya texnologiyaları yuxarıda göstərilən qüsurlarla
əlaqədar meydana çıxan problemlərin aradan qaldırılmasına imkan verir.
Başqa sözlə, müasir informasiya-kommunikasiya texnologiyaları
insanlarda informasiya mədəniyyətinin formalaşdırılması problemlərinin
həllində mühüm vasitə kimi çıxış edir.
Məsələn,
məlumdur ki, insanların bir qismi informasiyanı eşitməklə, bir qismi
oxumaqla, digər bir qismi isə görməklə daha yaxşı qavrayır və yadda
saxlayır. Mətn, səs, musiqi, görüntü, şəkil, fotoqrafiya, klip kimi
müxtəlif növ informasiyanı eyni zamanda təqdim etməyə imkan verən
multimedia texnologiyalarının meydana gəlməsi informasiyanın qəbulu ilə
əlaqədar yaranan problemləri aradan qaldırır.
İnformasiya
bolluğu və insanın imkanlarının məhdudluğu OLAP, Textmining,
Datamining kimi analitik informasiya texnologiyalarının yaranmasına
gətirib çıxarmışdır. Bu texnologiyaların köməyi ilə böyük həcmdə
informasiyanın təhlil edilməsi və qərar qəbul edən zaman meydana çıxan
problemlərin həlli mümkündür.
İnformasiyaya qoyulan tələblərdən biri əlyetərliliyin təmin olunmasıdır.
İnformasiyanın əlyetərlilik problemi həm də onunla xarakterizə olunur
ki, informasiyanın əldə edilməsinə mümkün qədər az vaxt sərf
olunmalıdır. Hər hansı növ informasiyanın harda yerləşdiyi haqda
məlumatın olmaması və ya yaddan çıxması əlyetərliliyin pozulmasına
gətirib çıxarır. Kompüterin imkanlarından istifadə edərək informasiyanın
yığılması, sistemləşdirilməsi və saxlanması kimi bacarıq və vərdişlərə
yiyələnməklə əlyetərliliyin təmin olunmasını yüksək səviyyədə həyata
keçirmək mümkündür.
Müəyyən
kateqoriyalara aid olan informasiyanın məxfiliyinin təmin olunması
məsələsi də informasiya mədəniyyətinin normalarından biri kimi aktuallıq
kəsb edir. Yəni, elə informasiya var ki, o yalnız müəyyən insanlara,
yaxud müəyyən qurumlara aid olur və başqalarının bu informasiyanı
bilməsi məqsədəuyğun sayılmır. Elektron informasiya daşıyıcılarının
meydana gəlməsi bu məsələnin həllini xeyli asanlaşdırır. Belə ki,
kompüterdə saxlanan və şəbəkələr vasitəsilə ötürülən informasiyanı
şifrləməklə onun məxfiliyinin qorunmasını təmin etmək olar. Məsələn,
e-poçtdan və İnternetin digər xidmətlərindən istifadə zamanı müəyyən
tələblərə (parolun gizli saxlanması, proqramdan istifadə etdikdən sonra
onun bağlanması və s.) düzgün əməl olunmaması nəticəsində informasiyanın
məxfiliyi tələbi pozulur. Deməli, İnternet xidmətlərindən düzgün
istifadə edilməsi də informasiya mədənyyətinin tələblərindən biri kimi
qəbul edilməlidir.
İnformasiya
mədəniyyətinin formalaşdırılması probleminə yanaşarkən qlobal
informasiya cəmiyyətinin xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Gözlənilən bu cəmiyyətin başlıca xüsusiyyətlərindən biri də
informasiyanın həcminin sürətlə artması ilə yanaşı, biliklərin tezliklə
köhnəlməsidir. Tədqiqatçılar hesab edirlər ki, çıxış yolu yeni təhsil
modellərinin işlənib hazırlanmasıdır, çünki ənənəvi təhsil sistemi
informasiya cəmiyyətinin tələblərinə cavab vermir. Yəni, hər hansı şəxs
10 il orta məktəbdə, 5 il ali məktəbdə təhsil aldıqdan sonra məlum olur
ki, artıq bu biliklər lazım deyil. Ona görə də bu gün informasiya
cəmiyyətinin tələbi fasiləsiz təhsilə keçid, hər kəsə bütün ömrü boyu
fasiləsiz təhsil alma imkanlarının yaradılmasıdır. Fasiləsiz təhsil
almaq üçün isə ilk növbədə aşağıdakılar təmin olunmalıdır:
-
insanlarda müstəqil təhsil alma vərdişlərinin inkişaf
etdirilməsi;
-
müxtəlif təhsil xidmətlərinin yaradılması;
-
təhsilin bütün pillələrində İKT-nin imkanlarından istifadə
edilməsi;
-
yaşından, cinsindən, bilik səviyyəsindən, fiziki
sağlamlığından asılı olmayaraq bütün insanların təhsil almaq hüququnun
təmin edilməsi.
Fasiləsiz
təhsil ideyasının həyata keçirməyə imkan verən yeni təhsil modelləri
tədris prosesi iştirakçılarının, o cümlədən də müəllimlə təhsil alanın
yüksək informasiya mədəniyyətinin formalaşdırılması zərurətini ortaya
çıxarır. Həm də təhsilin fasiləsizliyi baxımından informasiya
mədəniyyətinin formalaşdırılması da daimi proses olmalıdır.
Bu
gün artıq dünyanın inkişaf etmiş ölkələrindəki müasir tendensiyalar onu
deməyə əsas verir ki, XXI əsrdə insanların məişət və peşəkar fəaliyyət
şəraiti keçən əsrin sonlarında bizim yaşadığımız və işlədiyimiz
şəraitdən tamamilə fərqli olacaq. Bu fərqlilik, əsas etibarilə, yeni
informatika vasitələri və informasiya texnologiyalarının güclü inkişafı,
həmçinin iqtisadiyyat, elm, təhsil, siyasət və mədəniyyət də daxil
olmaqla, cəmiyyət həyatının bütün sferalarına nüfuz etməsi ilə
əlaqədardır. Ona görə də, yeni informasiya mühitində şəxsiyyətin həyat
və fəaliyyətini tənzimləyən başlıca xüsusiyyət onun informasiya
mədəniyyətidir
[8].
Təhsilini başa vuran hər bir məzunun informasiya cəmiyyəti şəraitinə
uyğun olaraq yaşaya və işləyə bilməsi üçün, onun artıq tədris prosesində
yüksək informasiya mədəniyyətinə yiyələnməsi vacibdir. Bu mədəniyyətin
formalaşdırılması isə təhsil sisteminin vəzifəsidir.
Əvvəllər
savadlılığın minimum səviyyəsi yazmağı, oxumağı və saymağı bacarmaq
hesab olunduğundan, məktəbdə şagirdlərə sərbəst mövzular üzrə inşa
yazmaq, şəkil çəkmək, hansısa əsəri oxuyub danışmaq, hesab əməliyyatları
aparmaq kimi vərdişlərin aşılanması informasiya mədəniyyətinin
formalaşdırılması üçün kifayət idi. Kompüterlərin meydana gəlməsi ilə
bunların sırasına yenisi əlavə olundu – kompüter savadlılığı. Çünki
kompüter informasiyanın toplanması, təhlil edilməsi, sistemləşdirilməsi,
emalı, yeni informasiyanın yaradılması və təqdim edilməsi üçün daha
əlverişli vasitədir. Yeni kommunikasiya vasitəsi olan İnternetin
yaranması və inkişafı ilə əlaqədar savadlılığı müəyyən edən
göstəricilərin siyahısı daha da genişləndi [9]. İqtisadiyyat,
mədəniyyət, elm və təhsil sahələrində geniş şəkildə tətbiq olunan
İnternet, bu gün insanlara müxtəlif informasiya xidmətləri təklif edən
global bir informasiya məkanına çevrilmişdir və bu məkanda sərbəst
fəaliyyət göstərmək üçün insandan müəyyən bacarıqlar tələb olunur. Ona
görə də, şagirdlərdə axtarış sistemlərindən istifadə edərək lazımi
informasiyanı axtarıb tapmaq, təhlil etmək, ondan istifadə etmək,
həmçinin İnternetdə hipermətn tipli sənədlər yaratmaq kimi yeni növ
oxuma və yazma vərdişlərini inkişaf etdirmək lazımdır. İnsanlara kütləvi
şəkildə bu vərdişlərin aşılanması üçün məktəb yaşlarından onlara
Web-səhifələrin yaradılması texnologiyası, dizaynın əsasları, hipermətn
sənədlərinin hazırlanması qaydalarının tədrisi zəruriyyəti ortaya çıxır.
Hazırda informasiya mədəniyyətinin formalaşdırılması məsələsi bütün
dünya üçün aktualdır. Ona görə də bu məsələ müvafiq beynəlxalq
təşkilatların diqqət mərkəzindədir.
Belə ki, YUNESKO-nun təşəbbüsü ilə 2003-cü ildə “İnformasiya savadının
artırılması” haqqında Praqa Bəyannaməsi qəbul olunmuşdur.
2005-ci ildə
Tunisdə, qlobal informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş
beynəlxalq sammitdə müzakirə edilən əsas problemlərdən biri də rəqəmsal
fərqlilik, yaxud informasiya fərqliliyi olmuşdur. İnformasiya fərqliliyi
probleminin mahiyyəti yalnız informasiya texnologiyaları ilə təminat və
informasiyaya çıxış imkanları ilə məhdudlaşmır, eyni zamanda,
şəxsiyyətin informasiya mədəniyyəti ilə sıx bağlıdır.
2006-cı ilin
noyabrında Moskvada keçirilən “Şəxsiyyətin informasiya mədəniyyəti:
informasiya cəmiyyətinin cağırışları” adlı beynəlxalq konfransda da
müvafiq sahədə aktual və xüsusi əhəmiyyət kəsb edən problemlər müzakirə
edilmişdir. Bu konfransda çıxış edən REA İnformatika Problemləri
İnstitutunun professoru K.K.Kolinin fikrincə, informasiya mədəniyyəti
ölkənin inkişafı, rəqabət qabiliyyəti və dünya ictimaiyyətindəki yeri
naminə milli və ümumdünya informasiya resurslarından istifadə sahəsində
cəmiyyətin imkanlarını müəyyən edir. Ona görə də, informasiya
mədəniyyəti milli təhlükəsizliyi təmin edən vacib faktorlardan biri
hesab olunmalıdır[10].
Biliklərə
əsaslanan informasiya cəmiyyətində əhalinin bütün təbəqələri yüksək
informasiya mədəniyyətinə malik olmalıdırlar ki, elmi-texniki tərəqqinin
nailiyyətləri ilə yaxından tanış olsunlar və öz praktiki
fəaliyyətlərində bundan istifadə edə bilsinlər. Bunları nəzərə alaraq,
informasiya mədəniyyətinin formalaşdırılması problemləri bu gün artıq
bir sıra ölkələrin pedaqoji ictimaiyyəti tərəfindən əsaslı şəkildə
araşdırılır. Məsələn, Rusiyanın Kemerovo Dövlət İncəsənət və Mədəniyyət
Universitetində xeyli müddətdir ki bu problem üzrə tədqiqatlar aparılır,
bu tədqiqatların nəticəsində şəxsiyyətin informasiya mədəniyyətinin
formalaşdırılması konsepsiyası təklif olunmuş, orta məktəbin 1-ci
sinfindən başlayaraq təhsilin bütün pillələri üçün yeni, “Şəxsiyyətin
informasiya mədəniyyətinin əsasları” tədris fənninin proqramları və
tədris metodikası işlənib hazırlanmışdır. Hazırda yalnız Kemerovoda
deyil? Rusiyanın bir sıra təhsil müəssisələrində “İnformasiya
mədəniyyəti” fənni tədris olunur. Hesab edirik ki, bizdə də bu barədə
düşünməyin vaxtı çatıb.
İnformasiya
mədəniyyətinin formalaşdırılması zamanı həmçinin onun etik aspektlərinə
diqqət yetirilməsi çox vacibdir. Qlobal informasiya məkanı insanlarda
yeni davranış stereotiplərinin meydana çıxmasına səbəb olur. Bəzi
insanlar, xüsusən də gənclər burada sərbəstlik və cəzasızlıq şəraiti
hiss etdiklərindən özlərini başqalarının yanında təsdiq etmək üçün
xakerlik etmək, müxtəlif virus proqramları yaratmaq həvəsinə düşürlər.
Eyni zamanda, müxtəlif informasiya xidmətləri təklif edilməsi, məsələn,
malların və xidmətlərin ödənişinin elektron formada aparılması, elektron
poçtdan, verilənlər bazası və informasiya banklarından müstəqil istifadə
və s. informasiya cinayətkarlığına şərait yaradır [11]. Həmçinin
insanların, eləcə də müxtəlif qurumların fəaliyyəti cəmiyyət üçün daha
şəffaf və açıq olur. Belə şəraitdə bəzi insanların bundan başqalarına
zərər vermək məqsədilə istifadə etməsi təhlükəsi yaranır. Bu problemin
həllinin heç bir texniki və hüquqi normalarla tənzimlənməsi mümkün
olmadığından, burada ancaq etik normalar gözlənməlidir. Ona görə də,
təhsil sistemi insanları kiçik yaşlarından başlayaraq informasiya
cəmiyyətinə hazırlamalı – onlarda informasiya mədəniyyətini, informasiya
etikasını formalaşdırmalıdır.
Ədəbiyyat:
1.
Семенюк Э.Л.
Информационная культура общества и прогресс информатики. НТИ.,
Сер.1.1994, №7.
2.Медиа образование
-Информационная культура.
http://www.mediaedu.ru.
3.
Савчук
Л.Н. Информационная культура на различных этапах развития человеческого
общества // Информатизация образования. – 2005. - №2. – С. 28 -34.
4.
В.А.Шапцев, Информационная экология человека. Постановка проблемы //
Математические структуры и моделирование. - 1999, вып.3. - С.125-133.
5.
Мизинцева М. Ф., Королева Л. М., Бондарь
В. В. Информационная экология и вопросы теории и практики развития
информационного общества // Технологии информационного общества —
Интернет и современное общество: Материалы Всерос. объединенной конф.
Санкт-Петербург, 20–24 нояб. 2000 г. СПб., 2000. 292 с.
6. Жилкин В.В.
Информационная культура как фактор формирования педагогического
мастерства.
http://v-zhilkin.narod.ru/articles/1.html.
7.
Toffler A. Future Shock. New York: Random House,
1975, 562 p.
8. Гендина
Н.И. Новая парадигма образования и проблемы формирования информационной
культуры.
http://netrover.narod.ru/infcult/gendina_rus.htm.
9.
Е.В.Панкова.
Практические работы по поиску в Интернете как элемент формирования
информационной культуры учащегося. //Информатика и образование, №4,
2007.
10.
К.К.Колин. Новая информационная культура
общества как глобальная проблема.
http://confifap.cpic.ru/upload/2006/reports/tezis_694.doc.
11.
Юсупов Р., Заболотский В.П. Глобальное
информационное пространство: этика и безопасность //Технологии
информационного общества – Интернет и современное общество. –СПб.:
Изд-во СПб. Ун-та, 2003. –С.141-146.
Аннотация
Р.М.Алгулиев,
Р.Ш.Махмудова
Информационная культура: ее суть и проблемы формирования
В статье характеризуется суть информационной культуры и исследуются
проблемы ее формирования.
Дополнительно характеризуются новые возможности, созданные современными
информационно-коммуникационными технологиями при решения этой проблемы.
В статье проанализированы новые требования к информационной культуре в
условиях ИО и показаны пути их формирования
Abstract
R.M.Alguliev, R.Sh.Mahmudova
Information Culture: its essence and problems of formation
The
essence of information culture is characterized and problems its
formation are investigated in the article. New opportunities created by
modern information-communication technologies for solution of these
problems are characterized. New requirements for information culture in
information society and the ways of their formation are presented.
